Rusiyadan daha 250 Azərbaycan vətəndaşı gətirildi

23 İyun, 2020 15:29 | Sosial | Baxış sayı: 54

Bu gün Rusiyadan daha 250 Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi həyata keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, həmin şəxslər Samur sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçiblər. Ölkəyə gətirilən vətəndaşlar xüsusi yaradılmış düşərgədə karantinə alınıblar.

Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev və Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev arasında dövlət sərhədindən keçərək vətənə dönən Azərbaycan vətəndaşlarının sayının artırılması barədə razılıq əldə olunub.  

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının geri qaytarılması üçün ardıcıl tədbirlər görülür. 

Azərbaycana gətirilmiş şəxslər ilk növbədə həkim müayinəsindən keçirilib, COVİD-19 virusunun müayinəsi üçün burun udlaq və əsnək yaxmaları götürülüb. Bundan sonra həmin şəxslər təlimat əsasında müşahidə altında saxlanılacaqlar. Vətəndaşların karantin müddətində tibbi xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Qusar Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin tibbi personalı tərəfindən həyata keçiriləcək. Məlumat üçün bildiririk ki, COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində TƏBİB, Şimal bölgə xəstəxanaları, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar Mərkəzi Rayon Xəstəxanalarının tibbi personalı fasiləsiz xidmət aparırlar.