Bakıya "ambulans"la sərnişin daşımaq istədilər VİDEO

23 Mart, 2020 10:54 | Sosial | Baxış sayı: 164
Təcili yardım avtomobili
Təcili yardım avtomobili

Maşında sürücüdən başqa 4 nəfər də olub

Ölkədə koronavirus təhlükəsinin yayılmasının qarşısını almaq üçün həyata keçirilən izolyasiya tədbirlərini pozmağa cəhd edən təcili tibbi yardım maşını aşkar edilib. Təcili yardım maşını ilə paytaxta sərnişin daşımağa cəhd edilib. 

Bu barədə video görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, 90-JM-977 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını Ağsu xəstəxanasına məxsus olub. Xəstəxanaya məxsus maşınla Bakıya sərnişin daşıyan zaman sürücü Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təcili tibbi yardım maşınının içərisində sürücüdən başqa, daha dörd nəfər olub. Polis əməkdaşları sərnişini avtomobildən düşürüb, sürücü isə onların suallarına cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, bundan öncə də rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə məlumatlar yayaılıb. Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, həmin məlumatlar yalandır və qərəzlidir. 

Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 19-dan dayandırılıb. 

Qərara əsasən, martın 19-u saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb.

Təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrliyində postlar qurulub. 

Ancaq Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.