Bakıda 3 avtobus marşrutu üzrə hərəkət sxemi dəyişdirildi

23 Yanvar, 2020 15:55 | Sosial | Baxış sayı: 77
Avtobuslar
Avtobuslar

Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq 3 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.

IstiPress-in Agentliyə istinadən verdiyi məlumata görə, 117 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən, avtobuslar Salyan şosesindən keçməklə “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edəcəklər. “Binə” və “Sədərək” ticarət mərkəzlərini birləşdirən yolun vəziyyəti qənaətbəxş olmadığından avtobusların burdan keçməsi çətinliklər yaradırdı. Bu hal sərnişinlərin də ciddi narahatlığına səbəb olurdu.

185 nömrəli müntəzəm marşrut xətti üzrə edilən dəyişikliyə əsasən isə, avtobuslar Yusif Vəliyev - Dadaş Vasif - İsrafil Məmmədov küçələrindən keçməklə hərəkət edəcək.

206 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, bu xətt üzrə avtobuslar Lökbatan qəsəbəsi “Təzə evlər” adlanan əraziyədək hərəkət edəcək. Bu isə həmin ərazidə yaşayan sakinlərin “Elmlər Akademiyası” metro stansiyası istiqamətində rahat gediş-gəlişinin təmin edilməsinə imkan verəcək.

Qeyd edilən dəyişikliklər yanvarın 25-dən tətbiq olunacaq.