Qusarda özbaşınalıq: ağaclar kəsildi, məktəb özəlləşdirildi - VİDEO

22 Avqust, 2017 15:02 | Sosial | Baxış sayı: 325
Bədirqala kəndində ağacların kəsilməsi
Bədirqala kəndində ağacların kəsilməsi

Ağacların qəfil kəsilməsi sakinləri bir-birinə vurdu

Qusarın Bədirqala kəndinin sakinləri köhnə məktəb binasının qarşısındakı ağacların qəfildən kəsilməsindən narahatdırlar. Onlar bildirirlər ki, illər boyu Qusar-Xudat yolunun üstündə yerləşən bu ərazidə əkilən ağaclar insanlara, yoldan ötənlərə sərinlik gətirib. Sakinlər məlumat verib ki, kəndin məktəbi yeni binaya köçürülüb, köhnə binanı isə Bədirqala kənd məktəbinin indiki direktoru Leyli Məmmədova özəlləşdirib.            

Bədirqala kənd sakinləri uzun illərdir əkilən çinar və küknar ağaclarının qanuni kəsilib kəsilməsini bilməsələr də, bunu təbiətə zərbə kimi qiymətləndirirlər. İllər boyu mövcud olan ağacların qırılmasının qanuni olub olmamasını öyrənmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xaçmazdakı 5 saylı ərazi ekologiya və təbii dərvətlər idarəsinin rəisi Rafiq Əbilovla əlaqə saxladıq. İdarə rəisi İstiPress-in məlumatından bu məsələni araşdırmağa başladığını dedi.

Bədirqala kənd məktəbinin direktoru Leyli Məmmədova bildirdi ki, o köhnə məktəb binasını dövlətə pul köçürüb alıb və özəlləşdirib. Onun sözlərinə görə, köhnə binanın yolboyu hasarı bərbad olduğundan onun yenilənməsinə başlayıb, qurumuş, qəzalı 5 ağacı bu məqsədlə kəsib. Çünki, bu ərazi Qusar-Xudat yolunun üstündə yerləşir, yeni yolun açılışı olacaq, açılışa hazırlıq məqsədilə bu işlər görülür. Burada qanunsuz ağac kəsimi halları yoxdur, əksinə, bu sahədə yolboyu yeni tinglərin əkiləcəyi planlaşdırılır. Leyli Məmmədova belə dedi.

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu