Bakıda sürücülərə "sarı xətt" xəbərdarlığı

22 İyul, 2019 16:27 | Sosial | Baxış sayı: 116
Sarı xətt
Sarı xətt

"Bəzi sürücülər hərəkətə mane olaraq qəza şəraiti yaradırlar"

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib. Agentlikdən verilən məlumata görə, paytaxtda keçirilən “XV Avropa Gənclər Yay Olimpiya Festivalı”nın səmərəli təşkili məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən nəqliyyat tədbirlərinin icrası davam etdirilir. 

"Bildiyiniz kimi, müəyyən olunmuş marşrutlar üzrə çəkilmiş sarı zolaqlar idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında və təhlükəsiz çatmasını təmin etmək məqsədi daşıyır. Lakin bəzi şəxsi nəqliyyat vasitəsi sürücüləri bir çox hallarda zolağa daxil olaraq avtobusların qarşısına çıxmaqla, ara məsafəsi gözləmədən arxası ilə irəliləməklə və ya ani manevrlər etməklə hərəkətə mane olaraq qəza şəraiti yaradırlar". 

Qeyd edilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi hərəkət iştirakçılarını, xüsusən də sürücüləri festival müddətində yol hərəkəti qaydalarına, o cümlədən də sarı zolağın tələbinə əməl etməyə çağırıb. 

"Şəhərimizdə keçirilən əvvəlki oyunlarda olduğu kimi festivalın davam etdiyi günlərdə də hərəkət iştirakçılarının tətbiq edilən müvəqqəti dəyişikliklərə anlayışla yanaşacaqlarına ümid edirik".