Bəlkə, bu yerlərə bir də gəlmədim...

22 May, 2019 18:59 | Sosial | Baxış sayı: 308
Məmməd Araz
Məmməd Araz

Ölməz xalq şairi sevgi ilə anıldı

Qubada Azərbaycanın ölməz xalq şairi Məmməd Arazın poeziya günü keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan Məmməd Araz poeziyasının işığına rayon rəsmiləri, ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər və məktəblilər qatılıb.

Mərasimdə bildirilib ki, Məmməd Araz Fondu tərəfindən artıq 4-cü dəfədir ki, ölməz söz sahibinin günü keçirilir. Müxtəlif illərdə Lənkəran və Qazaxda, N saylı hərbi hissədə keçirilən poeziya gününə bu dəfə qədim Quba ev sahibliyi edib.

Poeziya gününə qatılan hər kəs Araz yaradıcılığı ilə ərtaflı tanış olub. Quba məktəblilərinin və tələbələrinin Məmməd Araza aid keçirilən seçim turunda qalib olan 14 nəfər gənc şeir həvəskarı şairin şeirlərini səsləndirib. Məmməd Araz ailəsi adından danışan Milli Məclisin deputatı, söz adamı Aqil Abbas Qubanın onlara doğma məkan olduğunu deyərək şairin həyat yoldaşı Gülxanım xanımın Qubanın Digah kəndindən olduğunu xatırladıb.

Məmməd Araz poeziyasına göstərilən diqqətə görə təşkilatçılara minnətdarlıq edən Aqil Abbas şairin çoxşaxəli yaradıcılığından söz açıb. Quba icra başçısı Ziyəddin Əliyev Məmməd Araz gününün Qubada keçirilməsini şeirə, sənətə verilən dəyər baxımından özlərinin  vətəndaşlıq borcları olduğunu söyləyib. Əməkdar artist Ağalar Bayram M.Arazın məşhur "Dünya mənim, dünya sənin, dünya heç kimin" şeirini özünəməxsus tərzdə ifa edib. Qubalı şair Ramiz Qusarçaylı isə xalq şairinin məşhur "Sən kimə gərəksən, mən kimə gərək" şerini tamaşaçılara ərmağan edib:

"Keçək dərələrin doğanağından
Ötən bərələrin boğanağından
Günəşin zirvədə doğan anından
Nur alıb bu yurda səpələməsək,
Sən kimə gərəksən, mən kimə gərək."

Yerli şair Ramiz Qusarçaylı Məmməd Arazı özünün ustadı saydığını deyərək şairin 1989-cu il iyul ayının 29-da  ata yurdu-Qubanın Çartəpə kəndində keçirilən toy məclisində iştirak etdiyini İstiPress-ə danışıb. "İki ay 1 həftədən sonra toyumun 30 ili tamam olacaq. Məmməd müəllim onda  çox xəstə deyildi. Gümrah idi. Toy məclisimizdə onda 2 saz vardı. Birini Məmməd İlqar, birini də yerli şair Zakir Məmməd gətirmişdi. Məmməd müəllim onda qayıdıb dedi ki, deyirsiniz ki, Qubada aşıq, saz musiqisi yoxdur. Amma mən bu toyda iki saz görürəm, başqa toylarda bir saz olur".

Ramiz Qusarçaylı otuz il əvvəl şairin onun şad gününə gəlməsini indi ehtiramla xatırlayaraq bir xatirə də danışdı toyu ilə bağlı: "Məmməd İlqar ustadımın "Salamat qal" şerini səsləndirdi. Özü sadəcə qulaq asırdı.

"Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal."

Qubada 4-cü "Məmməd Araz poeziya günü" məhz böyük sevgi şairinə, Araz həsrətini ömrü boyu yaşadan böyük söz sahibinə verilən qiymət kimi yaddaşlara yazıldı..