Zorlamaya olan sevgi

21 Dekabr, 2016 14:13 | Sosial | Baxış sayı: 414

Macəraçı xalq?

Son bir neçə gün ərzində ölkədəki xəbər portallarında, televiziyalarda yayımlanan xəbərlərin, verlişlərin yığcam monitorinq apararaq qəribə nəticə ilə üzləşdim. Azərbaycan tamaşaçısı, oxucusu daha çox zorlanma, intihar , seksual pozuntulara daha çox meyllidir. Hətta insanlar, deyəsən, zorlanma faktlarından daha çox zövq alırlar. Bunun səbəbi nədir?

Macəraçı xalq?

Dəyərli dostum Əvəz Həsənovla söhbətlərimizin birində çıxardığımız nəticə bu oldu ki, Azərbaycan xalqı digər xalqlarla müqayisədə daha çox hekayəsevər, nağıl həvəskarı olan xalqdır. İlk növbədə göstərdiyimiz zorlanma, intihar, seksual pozuntulara maraq göstərməyimiz də məhz hekayəsevərliyimizlə bağlıdır. Diqqət yetirin, zorlanma faktı ilə rastlaşanda ilk sualımız qurbanın durumu ilə bağlı yox, zorlanma prosesinin necə baş verməsi ilə bağlı olur. Bu isə, təkrar edirəm, hekayəsevərliyimizin bir göstəricisidir.

Kasıblaşan xalq

Bu cür informasiyalara maraq göstərməyimizin başqa bir səbəbi isə mənəvi yoxsulluğa doğru sürətlə hərəkət etməyimizdir. Başqa sözlə, bu gün toplumu təşkil edən insanlar sosiallaşmadan daha çox çəkinir, siyasi düşüncəsi daha çox daralır. Diqqət yetirin, ANS bağlanandan sonra demək olar ki, televiziyalarda bir dənə də olsa, ictimai-siyasi yüklü tok-şou yoxdur, bir dənə də olsa, ictimai problemləri qabardan, marifləndirən verliş yoxdur. Olanlar da ailə dramları üzərində qurulmuş şoulardan başqa bir şey deyil. Məhz buna görə ictimai müzakirələrin, siyasi marifləndirmənin yerini zorlanma, intihar, seksual pozuntulara olan maraq tutur.

Sosial şəbəkələrə ifrat bağlılıq

Bu gün toplu insanlarının sosiallaşmadan uzaqlaşmasının başlıca səbəblərindən biri də məhz sosial şəbəkələrdir. Reallıqdan virtuallığa kütləvi köç edən toplu, əslində reallıq hisslərini də itirir və bunun faciəvi nəticələri artıq göz qabağındadır. Diqqət yetirsəniz görərsiniz ki, zorlama aktının iştirakçılarının böyük əksəriyyəti sosial şəbəkələr vasitəsiylə tanış olublar və virtuallıqdan reallığa keçid edəndə ünsiyyət tarazlığını qoruya bilmirlər. Digər tərəfdən, sosial problemlərin artdığı istənilən ölkədə bu cür hallar artır və insanların içində ki, qəzəb bir-birinə yönəlir. Əslində, zorlama olayları daxili nifrətin, hikkənin, qəzəbin ortaya çıxması deməkdir. Bu gün təəssüf ki, içimizdəki vəhşilik sürətlə bizi idarə edir. Bu səbəbdən zorlanan və zorlayan kütləyə çevrilmə qorxusu hər an artır. Elə bu mövzulara marağımızın artması da bununla bağlıdır.

Eldəniz Elgün