Baş nazir ikili diplomla bağlı qaydaları təsdiqlədi

21 Noyabr, 2019 11:25 | Sosial | Baxış sayı: 126
Nazirlər Kabineti
Nazirlər Kabineti

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə manatla olacaq

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qaydaları təsdiqləyib. Qaydalara əsasən, beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), xarici və yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla müəyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.

Beynəlxalq ikili diplom proqramının təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində yaradılmış Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Ölkədaxili təyinatlı ödənişlər üzrə maliyyələşdirmə Azərbaycan manatı ilə, ölkəxarici təyinatlı ödənişlər üzrə maliyyələşdirmə xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirilməsi tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə aparılır.

Beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı yerli və xarici tərəfdaş ali təhsil müəssisələri arasında imzalanmış müqavilə (bundan sonra – ikitərəfli müqavilə), onun imzalanmasına dair qarşı tərəfin qanunvericiliyində buna dair tələb olduğu halda, aidiyyəti qurumunun razılıq məktubu və ikitərəfli müqavilənin başlamasına dair Nazirliyin müvafiq əmri maliyyələşdirmənin aparılması üçün əsasdır. Ödəmələr bu Qaydaların 2.1-ci bəndində göstərilən istiqamətlər üzrə ikitərəfli müqavilələrdə nəzərdə tutulduğu halda həyata keçirilir.