Bu avtobuslarda sərnişinlərə çay və kofe veriləcək

21 Oktyabr, 2017 16:51 | Sosial | Baxış sayı: 418
Avtobus
Avtobus

Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir

Noyabrın 9-dan etibarən hər həftənin birinci və dördüncü günləri Bakı-Xarkov-Kiyev avtobus reysi həyata keçiriləcək.

İstiPress xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov deyib.

O bildirib ki, avtobus Bakı vaxtı ilə saat 11:00-da yola düşəcək. Biletin bir istiqamətə qiyməti 100 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərtilə) pulsuzdur. Beş yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir.

Y.İsakov əlavə edib ki, sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətə əldə etmək mümkündür. Biletlərin qiyməti daşımaları həyata keçirən Ukrayna və Azərbaycan şirkətlərinin və hər iki ölkənin aidiyyəti qurumlarının qarşılıqlı razılığına əsasən müəyyənləşdirilib.

Bakı-Xarkov-Kiyev reysi Rusiya Federasiyasının ərazisindən keçməklə həyata keçiriləcək. Müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar Wi-Fi şəbəkəsi ilə təchiz edilib. Sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub.

Qeyd edək ki, sərnişinlər biletləri on gün öncədən kassadan və ya online şəkildə əldə edə bilərlər.