Güclü külək rayonları dağıtdı FOTO

21 May, 2019 09:55 | Sosial | Baxış sayı: 76
Zaqatala güclü küləkdən sonra
Zaqatala güclü küləkdən sonra

Zaqatalada dolu meyvə ağaclarına, taxıla, bağlara ziyan vurub, Göyçayda dam uçub

Ölkə ərazisində son iki gündə müşahidə edilən küləkli və yağmurlu hava şəraiti ciddi fəsadlara yol açıb. Göyçayda külək onlarla ağacı qırıb. Külək rayon ərazisində olan 5 mərtəbəli yaşayış binasının 2800 kvadratmetrlik dam örtüyünü atıb. Bununla yanaşı, külək 900 metrlik elektrik xətti, 1 transformator, 3000 metr kabel xətti, elektrik dirəklərini yararsız vəziyyətə salıb. İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki 1 çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb.

Zaqatala rayonunun bəzi kəndlərinə yağmağa başlayan dolu bir neçə dəqiqə ərzində hər tərəfi ağ örpəyə bürüyüb. Dolu meyvə ağaclarına, taxıl zəmilərinə, tərəvəz bağlarına ciddi ziyan vurub. Bundan başqa, rayon mərkəzində və bəzi kəndlərdə güclü küləyin əsməsi nəticəsində ağaclar yıxılıb.

Sakinlər bildirirlər ki, 1 həftə əvvəl də sözügedən rayona dolu düşüb. Baş verən təbiət hadisəsi məhsuldarlığa ciddi ziyan vura bilər.

Mayın 19-da İsmayıllı rayonunda əsən güclü külək meşə sahəsində 100-dən çox ağacı kökündən çıxarıb, bəzilərini isə sındırıb.