Dünyanın ən unikal kəndində dil günü

21 Fevral, 2020 19:46 | Sosial | Baxış sayı: 186

Çoxmillətliliyi ilə seçilən şimal bölgəsində önəmli bayram

Bu gün - 21 fevral dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur.1952-ci ildə Banqladeş səfirinin təşəbbüsülə UNESKO-nun qərarı ilə bu günün beynəlxalq dil günü kimi keçirilməsi qüvvəyə minib.Bu günün yaranma tarixi isə 4 Benqal tələbənin ana dillərinin tanınmasına olan maneəyə görə özünü öldürməsilə bağlıdır.

İstiPress-in şimal bürosunun məlumatına görə, bu gün çoxmillətliliyi ilə seçilən şimal bölgəsində də qeyd olunur. Qusar və Xaçmazda, Qubanın ləzgilər yaşayan kəndlərində ləzgi dili  fənnini öyrənən şagirdlər və öyrədən müəllimlər 21 fevralı önəmli gün kimi  keçirirlər. Qubanın unikal kəndi Xınalıqda isə dünyada yeganə olan Xınalıq dili tədris olunur. B.Kəlbiyev adına Xınalıq kənd internat tam orta məktəbin direktoru Yunis Dəmirov deyir ki, məktəbimizdə milli dilimiz 1998-1999-cu dərs ilindən 1-4-cü siniflərdə tədris edilir.

Yunis Dəmirovun sözlərinə görə, Xınalıq dili dərsliyi Təhsil Nazirliyinin göstəruşilə hazırlanıb. Dərsliyin müəllifləri isə Xınalıqdan olan yerli müəllimlər - Yunis Dəmirov, İldırım Zeynalov, Azay Əliyev, Əkbər Xasməmmədov, Rauf Əliyev, Qurban Abdullayevdir. Direktor Dəmirov deyir ki, bütün dünya dillərinə səslənmə tembrilə yaxın olan Xınalıq dilində 49 hərf var: "40 hərf samitdir, 9 hərf isə, Azərbaycan dilində olduğu kimi, 9 saitdən ibarətdir".

Beynəlxalq Ana dili günündə 94 nəfər ibtidai sinif şagirdinə bu milli dilin mahiyyəti barədə ətraflı məlumat verilib, bu dilin yaranma tarixindən danışılıb. Keçirilən tədbirdə Azərbaycanın tolerant ölkə olduğu xüsusi olaraq diqqətə çatdırılıb. Bildirilib ki,dövlət səviyyəsində bütün milli azlıqların dilinin tədris olunması vacib məsələ kimi gündəmdədir və xınalıqlı uşaqlar da bu dövlət qərarından yararlanırlar. Beynəlxalq Ana dili günündə şagirdlərə xüsusən o da bildirilib ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir. Hər bir şagird milli dili yanaşı dövlət dilini də mükəmməl və savadlı öyrənməli və bilməlidir.