Sahibsiz itləri sığınacaqda zəhərləyiblər

20 Noyabr, 2019 18:34 | Sosial | Baxış sayı: 186

Təşkilatçı polisə müraciət edib

Xaçmazda sahibsiz küçə itlərinə sahib çıxan Nailə Rüstəmli 3 ildir təşkil etdiyi sığınacaqdakı itlərinin naməlum şəxs və şəxslər tərəfindən qəfildən zəhərləndiyini bildirib.

İstiPress-in şimal bürosunun məlumatına gör, Nailə Rüstəmli bildirib ki, rayonun Yergüc kəndindəki "Biz də yaşamaq istəyirik" adlanan sığınacağında 15 it olub, 4 gün əvvəl itlərin 11-i iflic olaraq ölüb: "Ölmüş heyvanlardan qan nümunələri götürülüb. İtlərin 11-i ölüb, 4 -ü isə müalicə olunur. Mənim itlərimin qəsdən zəhərlənməsi barədə şübhələndiyim 2-3 adam var. Mən artıq DİN-nin 102 zəng mərkəzinə müraciət etmişəm. Xaçmaz polis şöbəsindən gəlib məndən ərizə alıblar. Sabah geniş izahat verəcəyəm, şübhələndiyim adamların adını izahatımda qeyd edəcəyəm".

Nailə Rüstəmli heyvanlara şiddət olmasını insanlığa yaraşmayan hərəkət hesab edir. O bu barədə yerli hüquq-mühafizə orqanlarından ədalətli iş aparılmasını gözləyir.