Qar yağacaq, külək güclənəcək - XƏBƏRDARLIQ

20 Noyabr, 2019 13:18 | Sosial | Baxış sayı: 422
Qarlı hava
Qarlı hava

Rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir

Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.