Qusarda qədim kurqan tapıldı FOTO

20 Sentyabr, 2019 15:19 | Sosial | Baxış sayı: 219
Qusarda qazıntı
Qusarda qazıntı

Kurqan el arasında qədim yaşayış yeri kimi tanınan təpədə aşkarlanıb

Azərbaycan Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Qusarda arxeoloji tədqiqat işlərinə start verib. Bu barədə İstiPress-in Şimal bürosuna institutun əməkdaşı, Qusar ekspediyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib.

Onun məlumatına görə, indiyə kimi Qusardakı arxeoloji abidələr zəif öyrənilib, yalnız ötən əsrin 60-cı illərində mərhum arxeoloq Cabbar Xəlilovun başçılıq etdiyi ekspedisiya qrupu bu rayonda kəşfiyyat xarakterli tədqiqat işləri  aparıb. Fundamental tədqiqat işləri isə aparılmayıb. Məhz bu səbəbdən Arxeologiya və Etnoqrafiya İnstitutu artıq 3 ildir Qusarda arxeoloji təhqiqat işlərinə başlayıb.

Qusar arxeoloji ekspedisiyası yaradılmasında əsas məqsəd xalqımıızın və torpaqlarımızın  qədimiliyini, tarixi keçmişini dünya səviyyəsində tanıtmaq, xüsusən zaman-zaman torpaqlarımızı göz dikən ermənilərə sübut etmək, əhalisinin 90 faizini ləzgilər təşkil edən bu rayonda yeni arxeloji abidələri kəşf edib ətraflı tədqiq etməkdir.

Qəhrəman Ağayev bildirib ki, 2018-ci ildə Qusarın Zindan Muruq kəndinin yaxınlığında yerləşən qədim nekropolda arxeoloji qazıntı işləri aparılıb, tarixi əhəmiyyətli nəticələr əldə edilib. Arxeoloq alimin sözlərinə görə, bu il avqust-sentyabrın 1-ci ongünlüyündə Qusarın şimal-şərq hissəsində yerləşən Gədəzeyxur kəndi ərazisindəki Şamitəpə adlanan qədim yaşayış yerində kəşfiyyat xarakterli qazıntı işləri aparılıb. Təpənin şimal-şərq hissəsində 4×4 metr ölçüdə qazıntı işləri aparılıb və nəticədə maraqlı məlumatlar əldə edilib. İlkin tədqiqat işləri zamanı müəyyən edilib  ki, el arasında qədim yaşayış yeri kimi tanınan bu tarixi yer əslində qədim kurqan abidəsidir. Qazıntı zamanı aşkar edilən arxeoloji materiallar və keramika məmulatları bunu bir daha sübut edir.

Q.Ağayev bu səbəbdən Şamitəpə ərazisində fundamental qazıntı işləri aparılması üçün Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi qarşısında məsələ qaldırılıb.