Şimalda möhtəşəm maarifçilik tədbiri

20 May, 2019 20:33 | Sosial | Baxış sayı: 122

Quba şəhərinin  mərkəzi meydanındakı parkda "Oxu bayramı" keçirilib. Quba rayon İcra Hakimiyyətinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin  təşkilatçılığı ilə baş tutan bayram Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.

İstiPress-in şimal bürosunun məlumatına görə, tədbirdə müxtəlif mövzulara aid kitab sərgiləri, kitabxana sisteminin dərnəkləri üzvlərinin əl işləri, fəal oxucuların əl nümunələri sərgilənib. Bayramın gedişində 175 adda 600-dən artıq müxtəlif dillərdə çap olunan kitablar və yeni nəşrlər də nümayiş olunub.

Rayon ictimaiyyətinin nümayəndələrinin, rayon və Xaçmaz regional mədəniyyət idarəsi rəsmilərinin, ziyalıların qatıldığı Oxu bayramında Heydər Əliyevin həyat və çox geniş həyat fəaliyyətinə həsr olunan foto-stendlər xüsusi yer tutub. Mərasimdə çıxış edən Quba İH başçısı Ziyəddin Əliyev ölkədə kitabxana sisteminin inkişafına məhz Heydər Əliyevin xüsusi önəm verdiyini deyib və bu siyasətin indi prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib.

Xaçmaz regional mədəniyyət idarəsinin rəisi Nazim Ağayev, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov hər bir insanın dünyagörüşünün formalaşmasında kitabların xüsusi əhəmiyyət daşıdığından danışıblar.