Yoluxma artımına qarşı şimalın ciddi mübarizəsi

19 Oktyabr, 2020 14:27 | Sosial | Baxış sayı: 84

Qubada koronavirusa qarşı növbəti dəfə reyd keçirilib.

İstiPress-in şimal bürosunun məlumatına görə, Quba İH başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri Quba şəhərində yerləşən iri ticarət mərkəzlərində, restoran və turizm müəssisələrində olublar.

Şəhərin insanların ən çox toplaşdığı yerlərə baş çəkən rəsmilər əhalini pandemiyaya qarşı xüsusilə diqqətli olmağa çağırıblar. Quba İH başçısı Ziyəddin Əliyev sakinlərlə söhbətində deyib ki, "cəbhədə uğurlu, sevindirici nəticələr əldə olunub və bu qələbələrin davamlı olması üçün hər bir vətəndaş virusa qarşı diqqətli və ehtiyatlı olmalıdır."

Pandemiyaya qarşı ciddi mübarizə aparılmasının vacibliyi xüsusi vurğulanıb. Bildirilib ki, pandemiya qaydalarına əməl etməyən sahibkarlar və iş adamları barəsində tədbirlər görüləcək və görülməkdədir. Qubanın hamılıqla virusa qalib gəlməsi üçün insanların  bütün səylərini birləşdirməsinin vacibliyi də diqqətə çatdırılıb.