8 yaşlı Şölənin ölümünün yeni TƏFƏRRÜATLARI

19 Oktyabr, 2017 18:51 | Sosial | Baxış sayı: 287

“Uşaq əməliyyatda ölməyib” - 8 yaşlı Şölənin öldüyü xəstəxananın baş həkimi

Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin baş həkimi Yusif Əliyev Şölə Kərimova adlı 8 yaşlı qızın xəstəxanada ölməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İstiPress xəbər verir ki, baş həkim Medicina.az-a açıqlamasında bildirib ki, Ş. Kərimova əməliyyat zamanı ölməyib: "Uşaq əməliyyat olunmayıb. O, böyrək çatışmazlığından əziyyət çəkən, dializlə yaşayan xəstə olub. Böyrək çatışmazlığı ilə xəstəxanaya gəlib, dializini də alırdı. Xəstəxanaya kateterini dəyişmək üçün gətirilmişdi”. 

Y. Əliyev qeyd edib ki, uşağın nədən öldüyü araşdırılır: "Bütün sənədləri lazım olan orqanlara təqdim etmişəm. Təhqiqat başa çatandan sonra açıqlama verilər. Onsuz da saytlar səhv informasiya yaymaqla məşğuldur. Tibbi anlayışı olmayanlar böyrək, əməliyyat, narkozdan niyə yazır?”

Məlumat üçün bildirək ki, Ş. Kərimovanın ailəsi uşağa narkozun çox verildiyi üçün öldüyünü iddia edir. Uşağın atası Sübah Kərimovun iddiasına görə, sözügedən xəstəxananın həkimi Eldar Əliyev 8 yaşlı Şölə Kərimovanı heç bir müayinə etmədən ona narkoz verib. Nəticədə uşaq aldığı yüksək narkozun təsirindən dünyasını dəyişib.
Uşağın valideyni həmçinin iddia edir ki, uşaq dünyasını dəyişəndən sonra Patoloji Anatomiya Birliyində müayinədən keçmədən kəfənə bükülərək ailəsinə təhvil verilib.