Müəllimlər üçün daha bir sınaq

19 Avqust, 2017 13:49 | Sosial | Baxış sayı: 233
Müəllim
Müəllim

Avqustun 21-dən etibarən müsahibə mərhələsi təşkil olunacaq

“Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 50 minə yaxın namizəd müraciət edib. Onlardan 40 minə yaxını test imtahanı mərhələsində iştirak edib. 6 minə yaxın müəllim növbəti müsahibə mərhələsinə keçid hüququ əldə edib. Həmin namizədlər üçün avqustun 21-dən etibarən müsahibə mərhələsi təşkil olunacaq”.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eqi Bağırov deyib. Onun sözlərinə görə, bu gün səhər saatlarından hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçiriləcəyi tarix, məkan və saat barədə məlumatlar göndərilib.

Nazirlik rəsmisi qeyd edib ki, bütün namizədlər şəxsik səhifələrinə daxil olmaqla müsahibənin keçirilmə yeri və tarixi barədə məlumat əldə edə bilərlər: “Müsahibə mərhələsində namizədlərin peşəkar bilikləri yoxlanılacaq, açıq dərs formatında onlara təqdim olunmuş mövzular üzrə dərs aparacaq. Komissiya meyarlar üzrə qiymətləndirmə aparacaq və yekun qərar qəbul ediləcək. Bütün müsahibələr başa çatandan sonra əmr layihəsi hazırlanacaq və nəticələr elan olunacaq. Nəticə müəllim adını qazanan namizədlərin şəxsi səhifəsinə və əmr layihəsi yerli təhsili idarəemə orqanların göndəriləcək. İmtahan gələ bilməyən və ya müsabiqə şərtlərini ödəyə bilməyən namizədlər üçün əlavə test imtahanı və müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Təhsil Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda avqustun 21-26-da ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin keçiriləcəyi bildirilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur. Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yeri tutmaq üçün kifayət etmədiyinə görə müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər sentyabrın əvvəllərində keçiriləcək növbəti yerləşdirmədə iştirak edə biləcəklər//APA