II və III qrupların imtahan cavabları açıqlandı

19 İyul, 2019 17:00 | Sosial | Baxış sayı: 109
İmtahan (arxiv)
İmtahan (arxiv)

Cəmi 1 nəfər maksimum - 400 bal toplaya bilib

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. DİM-dən verilən məlumata görə, imtahanda iştirak edən abituriyentlər qurumun saytında imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 28699 abituriyentdən 408 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 15 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda III ixtisas qrupu üzrə 1 abituriyent (Bakı şəhəri, 192 saylı orta məktəbin məzunu), ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28) 22, 23 və 24 iyul 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. 

Xatırladaq ki, müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi iyulun 24-dən avqustun 6-dək aparılacaq.