Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət etdi

19 İyun, 2017 15:43 | Sosial | Baxış sayı: 89
Məktəb
Məktəb

Müsabiqədə iştirak imkanı iyulun 1-dən 10-na kimi nəzərdə tutulub

Bu ilin 16 sentyabr-31 dekabr tarixlərində 6 yaşı tamam olacaq, lisey və gimnaziyaların I sinfinə qəbul üzrə müsabiqədə iştirak edərək müvəffəq ola bilməyən uşaqların valideynləri şəxsi kabinetlərinə daxil olub lisey və yaxud gimnaziyaya yerləşdirdiyi sorğunu silib, müsabiqəyə yazılmalıdırlar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən İstiPress-ə verilən məlumata görə, həmin uşaqların ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqədə iştirak imkanı iyulun 1-dən 10-na kimi nəzərdə tutulub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedadlı uşaqların I sinfə qəbul üzrə müsabiqəsinin isə iyunun 20-dən başlayıb iyulun 10-da yekunlaşacağı nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya I sinfə qəbul üzrə müsabiqə iyunun 6-dan başlayıb və iyunun 30-da yekunlaşacaq.

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara müsabiqə Nazirliyin müvafiq şöbəsinin nəzarəti ilə həmin lisey və gimnaziyalarda həyata keçirilir. 287 nömrəli “Zəkalar” liseyi və 160 nömrəli Klassik Gimnaziyaya müsabiqə isə BŞTİ-nin nəzarəti ilə müvafiq lisey və gimnaziyada aparılır. Bu barədə hər bir valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə (və yaxud elektron poçta) mesaj göndərilib. Eyni zamanda bu məlumat hər bir valideynin şəxsi kabinetində bildiriş şəklində yerləşdirilib. Valideynlər həmin bildirişi çap edərək, müsabiqə günü uşaqla (uşağın şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmaqla) birlikdə müsabiqə keçirilən məktəbə yaxınlaşmalıdırlar. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsabiqə paytaxtdakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Məktəbəhazırlıq qruplarını uğurla başa vuraraq müvafiq sertifikat almış, 6 yaşı cari ilin 16 sentyabr-31 dekabr tarixlərində tamam olacaq uşaqlar isə I sinfə müsabiqədənkənar qəbul olunurlar.