Bakı-Rusiya yolu bağlanır?

19 İyun, 2017 10:33 | Sosial | Baxış sayı: 121
Bakı-Quba-Rusiya yolu
Bakı-Quba-Rusiya yolu

Körpünün özündə və dayaqlarında iş başlayır

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlər sərhədi avtomobil yolunun 146 km-də Vəlvələ çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılır. "Azəravtoyol"dan İstiPress-ə verilən məlumata görə, təmir-bərpa işlərinin başlanılmasına səbəb körpünün uzun müddət istismarda olması, həmçinin körpü üzərində mütəmadi olaraq iri tonnajlı yük maşınlarının hərəkəti və yaz-yay aylarında leysan yağışlar nəticəsində çayda sululuğun artmasıdır. 

Aparılacaq təmir işləri zamanı körpünün özündə və dayaqlarında əlavə bərkitmə işləri aparılacaq, sutənzimləyici qurğular və mühafizə bəndləri bərpa olunacaq. Bu isə öz növbəsində gələcəkdə ağır tonnajlı yük maşınlarının və sel sularının körpüyə ziyan vurmasının qarşısını almış olacaq.

Təmir müddətində körpünün üzərində avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayandırılaraq yaxınlıqda salınan alternativ yola yönəldiləcək. Allternativ olaraq salınan yolun eni 8 m, uzunluğu isə 800 m-dir. 

Vəlvələçay üzərində yerləşən və uzunluğu 120 m olan 7 aşırımlı körpü 1972-ci ildə inşa olunub.