Bakıda ticarət mərkəzində yanğın - insanlar təxliyə edilib

19 May, 2019 11:19 | Sosial | Baxış sayı: 190
Buzovnada yanğın
Buzovnada yanğın

Hadisə yerinə 7 təcili yardım briqadası göndərilib

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki üçmərtəbəli ticarət mərkəzində yanğın  baş verib.

İstiPress-in məlumatına görə, hadisə Buzovna qəsəbəsində yerləşən “Favorit” ticarət mərkəzində (keçmiş “Zuğulba Mall”) yanğın başlayıb, zərərçəkmişlər var.

Hadisə ilə bağlı FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib. 

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən yanğınsöndürmə və digər tədbirlər nəticəsində yanğın söndürülüb.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, hadisə yerinə 7 təcili yardım briqadası göndərilib. Tüstüdən zəhərlənmə ilə iki qadın və bir kişi Tibbi Klinik Mərkəzin taksikologiya şöbəsinə aparılıb, marketin bir əməkdaşı isə qıcolma diaqnozu ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Həyəcan keçirən bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.