Qadağa başladı - 400 maşın geri qaytarıldı

19 Mart, 2020 11:11 | Sosial | Baxış sayı: 194
Tıxac
Tıxac

Bakıya giriş qadağası maşınlara yox, insanlara tətbiq edilir

Bu gün gecə saat 00:00-dan etibarən rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron rayonuna girişinin qadağan olunmasının icrasına başlanılıb.

İstiPress-uin məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev "qafqazinfo"ya bildirib ki, Qaradağ postunda 400-dən çox avtomobil geri qaytarılıb:

"Şamaxı istiqamətindən də təxminən 60 maşının şəhərə girişinə qadağa qoyulub. Burada məsələ avtomobilin qeydiyyatında deyil, vətəndaşın hara qeydiyyatında olması ilə bağlıdır. Bundan öncəki beynəlxalq tədbirlər zamanı Bakı avtomobil sıxlığı yaranmasın deyə rayon qeydiyyatında olan maşınlar buraxılmırdı. Hazırda Bakıda nəqliyyatın hərəkətində sıxlıq yoxdur. Bugünkü qadağa avtomobillərə deyil, insanlara tətbiq edilir. Bakı qeydiyyatında olan avtomobili idarə edən şəxs rayon qeydiyyatındadırsa, həmin şəxs Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmayacaq".

Xatırladaq ki, Bakı, Sumqayıt və Abşerona giriş məhdudiyyəti martın 29-dək davam edəcək. Təhlükəsizlik tədbirləri ilə əlaqədar Bakı-Ələt yolunun 65-ci, Bakı-Şamaxı yolunun 26-cı və Bakı-Quba yolunun 45-ci kilometrliyində postlar qurulub.