İnsanların şikayətlərinə baxmayan 72 məmura belə cəza verildi

19 Fevral, 2020 11:52 | Sosial | Baxış sayı: 238
İşdən çıxarılan məmurlar
İşdən çıxarılan məmurlar

Ötən il 315 vəzifəli şəxs barəsində tədbir görülüb

"Vətəndaş müraciətləri ilə işin yaxşılaşdırılması üçün 2019-cu il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 344 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 353 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2 min 719 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub". Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov öz məqaləsində bu barədə yazıb. 

Onun sözlərinə görə, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. Belə ki, 2019-cu ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 64 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb. 793 nəfərə xəbərdarlıq edilib. 

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 315 vəzifəli şəxs barəsində tədbir görülüb, onların 60 nəfərinə töhmət və ya şiddətli töhmət, 8 nəfərin əmək müqaviləsinə xitam verilib, 3 nəfərin dərəcəsi aşağı salınıb. Həmçinin 244 nəfərə xəbərdarlıq edilmişdir.