Seldən zərər çəkən ailələrə kömək ediləcək

18 Noyabr, 2020 12:20 | Sosial | Baxış sayı: 83

Noyabrın 16-sı və 17-də Xaçmaz rayonunda yağmış intensiv leysan yağışları Xaçmaz rayonunun yaşayış məntəqələrinə ciddi zərər vurub.

İstiPress-in şimal bürosunun  Xaçmaz FHK-nın sədri Bəxtiyar Osmanovdan aldığı məlumata görə, təbii fəlakət nəticəsində yolları və küçələri su basıb, güclü sel evlərin həyətinə və içərisinə dolub. Güclü yağış nəticəsində rayonda 300-dən artıq fərdi yaşayış evinə ziyan dəyib, 20-dən artıq ev tamamilə dağılıb. Güclü sel rayon ərazisindən keçən Vəlvələçay və Qaraçay üzərindəki avtomobil körpülərini yararsız hala salıb. Vətəndaşların əkin sahələri və fərdi təsərrüfatları da seldən xeyli ziyan çəkib.

Xaçmaz İH başçısı Elnur Rzayev təbii fəlakətdən zərər görmüş ərazllərdə olub, zərərçəkənlərlə görüşüb. Rayon rəhbəri bildirib ki, dövlət həmişə olduğu kimi, indi də vətəndaşının yanındadır. Zərərçəkən ailələrə müvafiq kömək göstəriləcəyini deyən Elnur Rzayev fəsadların aradan qaldırılması üçün bütün qurumların gücləndirilmiş rejimdə çalışdığını diqqətə çatdırıb.

Rayon FHK dəyən ziyanın araşdırılaraq dəqiqləşdirilməsini davam etdirir. Mərkəzi aidiyyatı qurumlar məlumatlandırılıb.