Ucqar dağ kəndinin repetitorsuz 507 bal toplamış qızı

18 Sentyabr, 2020 17:30 | Sosial | Baxış sayı: 285
Nuridə Teymur qızı Həsənova
Nuridə Teymur qızı Həsənova

Öz zəhməti, bacarığı ilə tələbə adını qazanan bir abituriyentdən danışacağam. Ünvan Qubanın dağlıq, rayon mərkəzindən 70 km aralıda yerləşən Xaltan kəndidir.

Nuridə Teymur qızı Həsənova - 17 yaşı bu il may ayının 20-də tamam olub. Nuridə bu il Teymur Şahbazov adına Xaltan kənd tam orta məktəbi bitirib. Qəbul imtahanında 507 bal toplayıb. Nuridənin bu balı toplaması faktı diqqətimi çox çəkdi. Çünki Xaltan kəndi Qubanın ən ucqar kəndlərindən biridir. Gediş-gəliş çətindir, xüsusən qış aylarında. Belə ucqar yerdə müəllim yanına getmədən yalnız fərdi qaydada hazırlaşan Nuridə Həsənova deyir ki, "mart ayından pandemiya başlayanda məktəb bağlandı, proqram əsasında evdə özüm hazırlaşmışam".

Həsənovlar ailəsi çox imkansızdır. Ailə başçısı Teymur Həsənov fəhlədir. Hazırda DOST proqramı əsasında 11 aylıq müqavilə ilə fəhlə işləyən Teymur Həsənov ailəsini əlinin qabarı ilə dolandırır. Nə xoş ki, ailənin sonbeşiyi Nuridə halal atanın zəhmətini yerə vurmayıb, gecəsini gündüzə qatıb oxuyaraq tələbə adını qazanıb.

Nuridənin böyük bacısı Rumiyyə də tələbədir. Azərbaycan Pedoqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsidir. Nuridənin hələ mobil telefonu yoxdur, böyük bacısının telefonu ilə danışdıq. Xaltanlı abituriyent Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasını seçib. Deyir ki, dövlət dilinə uşaqlıqdan xüsusi marağım olub. Bu dilin incəliklərini dərindən öyrənib tədris etmək arzusundadır.

Qeyd edək ki,bu il Qubada 1258 nəfər məzun orta məktəbi bitirib.Keçid nəticəsi əldə edən 581 nəfərdən 58-i qəbul imtahanında 500-dən,15 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Quba şəhərindəki Azad Məmmədov adına təbiət fənləri litseyinin məzunu Aqil Elnur oğlu Nəzərov 675, Güləzi kənd tam orta məktəbinin məzunu Urfan Musayev isə 664 bal toplamağa müvəffəq olub.

Aytəkin Alxaslı

 Aqil Elnur oğlu Nəzərov
Aqil Elnur oğlu Nəzərov
Urfan Musayev
Urfan Musayev