Tanınmış şair vəfat etdi

18 Avqust, 2019 14:34 | Sosial | Baxış sayı: 211

1970-80-ci illərdə kimi gənclər arasında populyar olub

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oqtay Rza vəfat edib.

İstiPress-in məlumatına görə, gənc şairlər sosial şəbəkədə bildiriblər ki, Oqtay Rza bu gün 85 yaşında dünyasını dəyişib.

Oqtay Rza 1970-80-ci illərdə kimi gənclər arasında populyar olub. Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), ölümünə qədər isə dosent işləyib (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).

1961-ci ilin noyabr-dekabr aylarında Ümumdünya Həmkarlar İttifaqları Təşkilatının Moskvada keçirilən 5-ci konqresində sovet nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılmışdır.

Allah rəhmət eləsin!