Şamaxıda qədim məscid tapıldı

18 İyul, 2019 08:53 | Sosial | Baxış sayı: 85
Qədim məscidin qalıqları
Qədim məscidin qalıqları

Rəvayətə görə, Məhəmməd peyğəmbərin yaxın silahdaşı məscidin yanında dəfn edilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı qədim məscidin qalıqları aşkar edilib.

Aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qaya və çay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.

Yerli sakinlərin yaşatdığı rəvayətə görə, Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari Şirvana gələrək islam dinini yayıb və vəfat etdikdən sonra burada, məscidin yanında dəfn edilib. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirib. Lakin bu rəvayət yerli əhali arasında mövcuddur. Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək.

Qeyd edək ki, arxeoloji ekspedisiya tərəfindən ərazidə tarixçiləri və epiqrafistləri maraqlandıra biləcək, üzərində bədii ərəb xətt növləri ilə yazılmış Qurandan mətnlər və stilistik təsvirlər olan klassik və son orta əsrlərin müxtəlif mərhələlərinə aid müsəlman qəbir abidələri də qeyd edilib.