Nazirlikdən pensiyaçılara artımla bağlı xəbərdarlıq

18 Fevral, 2020 08:47 | Sosial | Baxış sayı: 321
Pensiya
Pensiya

"Guya pensiyalarına artımların hesablarına köçürülməsi üçün pensiya kartlarına dair məlumatları öyrəniblər"

"Pensiya kartlarınıza dair məlumatları heç kimə verməyin". Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərə müraciət edib. Məlumatda qeyd edilir ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan və Bakının Qaradağ rayon şöbələrinə müraciət edən bir neçə pensiyaçı onların dələduzlar tərəfindən aldadılaraq pensiya kartlarından vəsait oğurlandığını bildiriblər.

Belə ki, həmin pensiyaçıların ev nömrələrinə zəng vuran naməlum şəxslər özlərini Dövlət Sosial Müdafiə Fondunun (DSMF) müvafiq rayon şöbəsinin əməkdaşları kimi təqdim edərək, guya pensiyalarına edilən artımların hesablarına köçürülməsi üçün onlardan pensiya kartlarına dair məlumatları öyrəniblər.

"Nəticədə həmin pensiyaçıların pensiya kartlarından müxtəlif məbləğlərdə vəsaiti oğurlayıblar. Bununla əlaqədar pensiyaçıların şikayətləri aidiyyəti rayon polis orqanlarına yönləndirilib".

Qeyd edək ki, hələ ötən ilin dekabr ayında baş vermiş oxşar halla bağlı pensiyaçılara xəbərdarlıq edilmişdi. 

"Bir daha pensiyaçılarımızı xəbərdar edirik ki, nazirliyin yerli qurumu, o cümlədən DSMF əməkdaşı tərəfindən heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz. Pensiya artımı olduğu halda artım məbləği avtomatik olaraq pensiyaya əlavə olunur.

Ona görə də bir daha pensiyaçılara diqqətli olmağı və heç bir halda pensiya kart məlumatlarını başqasına verməməyi tövsiyə edirik".