Təhsil Nazirliyi: Qafqaz Universitetinin tələbələri digər ali məktəblərə yerləşdiriləcək

18 Yanvar, 2017 12:57 | Sosial | Baxış sayı: 71
Təhsil Nazirliyi
Təhsil Nazirliyi

Nazirlik tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib

Təhsil Nazirliyi Qafqaz Universiteti ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən İstiPress-ə daxil olan məlumatda bildirilir ki, Qafqaz Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlanıldığı və ləğvetmə komissiyasının yaradıldığı barədə Təhsil Nazirliyini məlumatlandırıb, bununla bağlı qış imtahan sessiyasının başa çatmasından sonra tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsinə köməklik göstərilməsini xahiş edib.
 
"Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna Universitetdə təhsil alan tələbələrin ölkənin ən aparıcı ali məktəblərinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb, Nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
 
Tələbələrin ixtisasları, habelə tədris dili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində qısa zamanda maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq, keyfiyyətli təhsil almaq hüquqları və təhsilləri ilə bağlı maliyyə şərtlərinin sabit qalacağı təmin olunacaq. Universitetin hazırkı tələbə kontingentinin malik olduğu bilik və akademik nailiyyətlərinin bundan sonra yüksələn istiqamətdə olması üçün bütün imkanlardan istifadə ediləcək. Tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciət imkanlar çərçivəsində nəzərə alınacaq.
 
Tələbələrdən Universitetdə fəaliyyət göstərən İşçi qrupla əlaqə saxlanılması xahiş olunur", - deyə məlumatda bildirilir.