Yağışın yaratdığı sel 300 evə zərər vurub - FOTO

17 Noyabr, 2020 13:57 | Sosial | Baxış sayı: 87

Güclü yağış ötən gün Xaçmaz rayonunda ciddi fəsadlar yaradıb.

İstiPress-in şimal bürosunun məlumatına görə, iki gün davam edən intensiv yağış axşam saatlarında güclü selə səbəb olub. Rayon mərkəzində və bir sıra kəndlərdə evlərin həyətini və zirzəmiləri su basıb, şəhər küçələrində sel suları gediş-gəlişi çətinləşdirib.

Xaçmaz İH başçısının müavini, rayon FHK-nın sədri Bəxtiyar Osmanov güclü selin fəsadlarının çox olduğunu deyib: "Xaçmaz və Xudat şəhərlərində, 25-ə yaxın kənddə sel suları ev və küçələri basıb, şəxsi əmlaklarına ziyan dəyib. Təxminən 300-ə yaxın ev ziyan çəkib."

Bəxtiyar Osmanov deyib ki, əhalinin tamam uçub dağılan evləri də var, ictimai binalar da zərər çəkib. Onun sözlərinə görə, yağış indi nisbətən səngisə də, davam edir.

Rayon FHK araşdırmalara başlayıb. Əhaliyə və ümumən dövlət obyektlərinə dəyən ziyan dəqiqləşdirilir. FHN mütəxəssisləri də rayona dəvət olunub, birgə araşdırmalar aparılaraq dəyən ziyanın həcmi tam müəyyənləşdiriləcək.