Bakıda binadan yıxılan usta öldü

17 Noyabr, 2020 11:26 | Sosial | Baxış sayı: 52
Bina tikintisi
Bina tikintisi

Noyabrın 16-da saat 09 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

İstiPress-in məlumatına görə, Yasamal rayon prokurorluğu bildirib ki, ilkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.