Dövlət Komitəsindən azyaşlı qıza elçi gedən TV aparıcısı ilə bağlı - AÇIQLAMA

17 Noyabr, 2017 18:58 | Sosial | Baxış sayı: 1045
Zaur Kamal azyaşlı qıza elçi gedir
Zaur Kamal azyaşlı qıza elçi gedir

Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişindəki qanundankənar kadrlarla bağlı araşdırma aparıb.

İstiPress-in məlumatına görə, bu barədə "AFN"in sorğusunu cavablandırarkən adıçəkilən qurumun İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysova bildirib. O, qeyd edib ki, Zaur Kamalın elçi getdiyi qız hazırda orta məktəbdə oxuyur: “Ağdam rayonu üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən araşdırma aparılıb, kadrlarda sözügedən qız hazırda 9-cu sinifdə oxuyur. Oxuduğu məktəbin direktoru Rasim Əliyevlə də əlaqə saxlanılıb. Bildirib ki, dərsə davamiyyəti yaxşıdır. Şagirdlə söhbət aparılıb və qız deyib ki, çəkiliş qəfildən gəlib, əvvəldən belə bir çəkilişin olacağını gözləmirmişlər. Məktəbli həmçinin bildirib ki, elçi gələn ailəni tanımır, oğlanla əvvəldən tanış olmayıb. Eyni zamanda Ağdam rayon Təhsil Şöbəsi və rayon icra hakimiyyətinin müvafiq qurumları tərəfindən ailə nəzarətə götürülüb. 

Biz komitə olaraq belə halları pisləyirik. Bu, uşaq hüquqlarına, Ailə Məcəlləsinə və qanunvericiliyin aidiyyatı müddəalarına ziddir. Ona görə də verilişlərin belə bir mövzuda aparılmasına münasibətimiz mənfidir. Hər jurnalist çalışmalıdır ki, hüquqları, qanunları bilsin, verilişdə, fəaliyyətində bunlara riayət etsin. Əgər hüquqazidd bir hadisə varsa bu, efirə çıxarılmamalıdır. Biz jurnalistlərlə iş aparırıq, təlimlər keçiririk ki, bu cür hallar ortaya çıxmasın”.

Qeyd edək ki, "Xəzər" televiziyasındakı "5/5" verilişinin aparıcısı Zaur Kamal yetkinlik yaşına çatmayan, 7-ci sinif şagirdi olan qız üçün elçilik edib. Bunun üçün aparıcı çəkiliş qrupu ilə Ağdama gedib. 

Qız evinin qapısını döyən Zaura ilk andan etibarən qızın yetkinlik yaşına çatmadığı və hələ məktəbdə təhsil aldığı bildirilib. Yeniyetmənin anası qızını ərə vermək fikrində olmadığını, onun təhsili davam etdirmək niyyətində olduğunu dəfələrlə bildirib. "Uşaqdır, onun arzuları var. Hələ belə şeylər fikirləşmir".

Tanınmış gitaraçı Rəmiş və oğlan evinin adamları ilə elçilik etmək istəyən Zaur əvvəlcə ona qızın 17 yaşında olduğunun deyildiyini bildirib. Qızın yetkinlik yaşına çatmadığını eşidəndən sonra da elçilik fikrindən daşınmayıb. Qarşı tərəf belə qızın yaşının az olmasına önəm verməyiblər. Onlar "nişanlı qalarlarda nə olacaq ki" deməklə övladlarını evləndirməkdə israrlı olduqlarını nümayiş etdiriblər. 

Qeyd edək ki, Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapıb. Bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur.

İstiPress sözügedən kadrları oxucularına təqdim edir.