Başıbəlalı məktəbdə tikinti dayandı: Dərs olmayacaq

17 Avqust, 2017 10:37 | Sosial | Baxış sayı: 297
Təmiri yarımçıq qalan məktəb
Təmiri yarımçıq qalan məktəb

Zərqava məktəbində iş yenə dayandı

 Uzun fasilədən sonra təmir və bərpa işləri davam etdirilən Qubanın Zərqava kənd məktəbində işlər yenə dayandırılıb. Bu barədə İstiPress-in şimal bürosuna Zərqava kənd sakinləri olan valideynlər məlumat veriblər. Onlar bildiriblər ki, məktəbdə təxminən bir həftə iş aparılıb, elektrik işləri görülüb, birinci mərtəbədə divarlar suvaq edilib. Ondan sonra tikinti işçiləri çıxıb gediblər.

Valideynlərin sözlərinə görə, yeni dərs ilinin başlanmasına 1 aydan da az vaxt qalıb, uşaqları təmir başa çatmamış məktəbə və təhlükəli klub binasına necə göndərəcəklər?Çünki, hər iki bina dərs keçmək üçün yararsızdır, bərpa işləri başa çatsaydı, bizim uşaqlar da yeni dərs ilinin sevincini yaşayardı. Valideynlər əlaqədar qurumlardan da heç bir köməklik görmədiklərini, heç kimin başıbəlalı Zərqava məktəbilə maraqlanmadığını deyirlər.                        

Faktı dəqiqləşdirmək üçün Quba icra başçısının Zərqava İƏD üzrə nümayəndəsi Fərman Tahirovla əlaqə saxladıq. Nümayəndə Zərqava kənd məktəbinin bərpa işlərinin iyulun 25-dən dayandığını, məktəbin, heç olmasa, uşaqların 2 növbədə oxuması üçün 1-ci mərtəbəsində görüləcək işlərin də tam başa çatmadığını söylədi. Onun sözlərinə görə, tikinti təşkilatı ilə hər gün əlaqə saxlayır, gəlib işə davam edəcəklərini desələr də, sözlərinə əməl etmirlər, kəndə gələn yoxdu.                        

Quba rayon təhsil şöbəsinin müdiri Loğman Müslümov da Zərqava məktəbinin taleyindən narahatdır. Loğman müəllim büromuza məlumat verdi ki, məsələ gündəmdədir, rayonun icra başçısı Yaşar Məmmədov tikinti təşkilatının rəhbərinə ciddi tapşırıq verərək bildirib ki, sentyabrın 15-ə Zərqava məktəbi hazır olmalıdır, əks təqdirdə bu barədə hüquq-mühafizə orqanları məlumatlandırılacaq.                        

Qeyd edək ki, Nazirlər Kabineti Qubanın bu başıbəlalı dağ kənd məktəbinin əsaslı bərpasına 500000 manat pul vəsaiti ayırıb. Nədənsə, bu dövlət vəsaiti məktəbin yenidənqurulmasına qram-qram, misqal-misqal xərclənir. Görəsən, bu vəsaiti kim mənimsəyib?                        

Aytəkin Alxaslı//İstiPress-in şimal bürosu