Ən çox bal yığan müəllimənin adı açıqlandı FOTO

17 İyul, 2019 09:06 | Sosial | Baxış sayı: 144
İmtahan verən müəllim
İmtahan verən müəllim

O, ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarına qatılıb

Müəllimlərin işə qəbulu imtahanları davam edir. İmtahanda növbəti yüksək bal qeydə alınıb. Təhsil Nazirliyindən İstiPress-ə verilən məlumata görə, iyulun 16-da ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanlarında yüksək nəticə qeydə alınıb. Belə ki, namizədlərdən Aysel Məmmədova imtahandan uğurla keçərək 58 bal toplayıb.

Aysel Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə təhsil alıb.

Xatırladaq ki, iyulun 8-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilib. İmtahanlar iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcəkdir. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaqdır.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.