Azərbaycana aid qədim xalça tapıldı - bu vaxta kimi görülməmişdi

17 May, 2018 11:55 | Sosial | Baxış sayı: 129
Tapılan xalça
Tapılan xalça

Xalça Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəyə gətirilib

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb. Bayraqlı xalça qədim və nadir nümunələrdən biridir.

1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində əksini tapıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr  1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib.

Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli ara sahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində "Zikr edər cinnü-mələk həm insan. Yaşasın devletü Azərbaycan" və "Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan" misraları yazılıb.

Ölçüsü 178 x129 olan xovlu xalça yundandır. 

Qeyd edək ki, Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu unikal xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəyə gətirilib.