Azərbaycanda imtahan nəticələri 2 il qüvvədə ola bilər

17 Aprel, 2018 12:19 | Sosial | Baxış sayı: 111
İmtahan zamanı
İmtahan zamanı

Söhbət buraxılış imtahanlarından gedir

Azərbaycanda gələcəkdə ali məktəblərə qəbul zamanı buraxılış imtahanlarının nəticələrinin ən azı 2 il qüvvədə olması nəzərdə tutulur. Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olurlar. Əgər əvvəlki ilin məzunları ali məktəbə qəbul olunmaq üçün orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul imtahanında iştirak etmək istəyirlərsə, o zaman həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar.

O qeyd edib ki, ötən il ali məktəblərə qəbul olmaq istəyən, lakin rus bölməsinin məzunları arasında heç bir ali məktəbə qəbul olmayanların Azərbaycan dili fənni üzrə ötənilki nəticələri builki qəbul imtahanlarında da nəzərə alınıb: "Yəni onların nəticələri 2 il qüvvədədir". 

2019-cu ilin buraxılış imtahanlarının cədvəlinin hələlik məlum olmadığını deyən DİM sədri əlavə edib ki, əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli imtahanda - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər: "Bu qayda gələn il də qüvvədə olacaq. Bir neçə ildən sonra buraxılış imtahanlarının nəticələrinin ən azı iki il qüvvədə olması nəzərdə tutulur. Ancaq bunun üçün vaxt lazımdır".