Azərbaycanda uşaqları xəstə salan virusun səbəbi açıqlandı

17 Yanvar, 2020 10:57 | Sosial | Baxış sayı: 568
Xəstə uşaq
Xəstə uşaq

Baş infeksionist "donuz" və "quş" qripini istisna etmədi

Son günlər ölkədə uşaqlar arasında yayılan, bir çox hallarda ağırlaşma ilə müşahidə olunan virus mənşəli xəstəlik əhali arasında narahatlığa səbəb olub. Xəstələnən uşaqlarda hərarət yüksək həddə qalxır, günlərlə davam edir, qarında kəskin ağrılar yaranır, sağalma prosesi uzun çəkir… Bu hallar hansı xəstəliyin göstəricisidir? Həqiqətən də təşvişə düşməyə əsas varmı? 

Respublikanın baş infeksionisti Cəlal İsayevin sözlərinə  görə, hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil. Sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb. Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyil:

"Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair - bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada "donuz qripi”, yaxud "quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.

Qripin ağır və yüngül forması olduğunu bildirən baş infeksionist söyləyir ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir: "Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır".

Respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, hazırda payız-qış mövsümü üçün xarakterik olan soyuqdəymə xəstəliklərinə tez-tez rast gəlinir. Çünki havanın soyuması ilə əlaqədar olaraq bakteriya və virusların yayılmasına meyllik artır.

"Bu viruslar çox sürətlə artıb çoxalır. Buna görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil. Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir. Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil. Bu barədə valideynlər mütləq həkimlərlə məsləhətləşməlidirlər”.

Baş pediatr deyir ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də virus xəstəlikləri qorxulu fəsadlar törədə bilir: "Əgər klassik gediş müşahidə olunursa adətən xəstəliyin əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq xəstəliyi yox edir. Amma virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən gözlənilməyən ağır fəsadlar törədir.

El arasında düşünülür ki, qrip qorxulu xəstəlik deyil. Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi yanaşmalıdır. Bu gün xəstəliyi "qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar, meningit, qanaxma, sətəlcəm törədə bilər və ağır gedişlə ölümə gətirib çıxara bilər. Odur ki, valideynlər, tibb işçiləri, ümumiyyətlə, hər kəs buna ciddi yanaşmalıdır. Bu viruslar aldadıcı olur, adətən, düşünürlər ki, bir neçə günə keçəcək. Amma diqqətli olmayanda ağır fəsadlar törədir. Elə Balakəndə ölən məktəbli uşağın da diaqnozu kəskin respirator virus infeksiyası idi. Bu ölüm hadisələri başlanğıcda virus infeksiyası olsa da, sonradan fəsadlaşıb ağır xəstəliklər əmələ gətirir. Məsələn, meningit, sətəlcəm, baş-beyin toxumasının iltihablaşması".