Quba pandemiyaya qarşı sərt mübarizə aparır

16 Noyabr, 2020 14:28 | Sosial | Baxış sayı: 134

Qubada koronavirus pandemiyasının qarşısını almaq üçün mübarizə tədbirləri davam edir.

İstiPress-in şimal bürosunun məlumatına görə, görülən qabaqlayıcı tədbirlərə baxmayaraq rayonda virusa yoluxmuş şəxslərin sayında artım olması rayon rəhbərliyini ciddi narahat edir.

Quba İH başçısı Ziyəddin Əliyev rayonda növbəti geniş miqyaslı dezinfeksiya tədbirləri aparılan zaman yenidən media nümayəndələrinin qarşısına çıxıb. Rayon rəhbəri çıxışında bir daha qubalıları koronavirusla bağlı qoyulan qaydalara ciddi əməl etməyə çağırıb:

"Biz Qarabağda hörmətli Prezidentimiz İlham Əliyevin sayəsində tarixi qələbə günlərini yaşayırıq. Sevincimiz hədsizdir. Amma koronavirus cəbhəsində vəziyyət ürəkaçan deyil. Yoluxma sayı gündən günə artır. Əhalimiz qoyulan qaydalara ciddi əməl etməlidir".

Quba şəhərində bütün küçələr, əhalinin çox yığışdığı park və massivlər geniş şəkildə xüsusi avtomobillər vasitəsilə dezinfeksiya edilib.

Quba İH başçısı Ziyəddin Əliyev bu gün yenidən operativ Qərargah üzvlərilə birgə Quba şəhərində reyd keçirib. Ərzaq mağazalarına, apteklərə baş çəkən cənab Əliyev insanlara virusun təhlükəliliyi barədə bir daha məlumat verib. Sakinlərə sosial izolyasiya qaydalarına əməl etmək, ara məsafə saxlamaq və qoruyucu vasitələrdən istifadə eləmək  ciddi şəkildə tövsiyyə edilib.