Qubada ciddi karantin tədbirlərinə başlanıldı

16 Oktyabr, 2020 14:52 | Sosial | Baxış sayı: 97

Bu gün çoxsaylı igid oğulları cəbhədə vuruşan Quba rayonu koronavirus cəbhəsinə qarşı da inadla vuruşur.

İstiPress-in şimal bürosunun məlumatına görə, pandemiyaya qarşı ciddi tədbirlər davam edir. Bu gün Quba İH başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri Quba şəhərində reyd keçirib.

Reyd nəticəsində rəsmilər Quba şəhərində camaatın çox toplaşdığı iri ticarət mərkəzilərində,  bazar və avtovağzal ərazilərində sakinlərlə görüşüblər. Ziyəddin Əliyev sakinlərə bildirib ki, bütün diqqətin cəbhəyə yönəldiyi bir vaxtda hər bir vətəndaş pandemiya qayda-qanunlarına ciddi əməl etməlidir: "Biz şanlı Ordumuzdan qələbə gözləyirik. Belə bir vaxtda pandemiyanın ayaq tutub yeriməsinə imkan vermək qəti olmaz. Qaydalara ciddi əməl etməliyik. Koronavirus cəbhəsini zəiflədib döyüş bölgəsinə diqqət və qayğımızı artırmalıyıq. Artırırıq da. İnsanlarımız özlərini qorumalıdır və virusun yayılmasına qəti imkan verilməməlidir".

Daha sonra icra başçısı Ziyəddin Əliyev və diğər rəsmilər Quba şəhərində ictimai nəqliyyata da minib, sərnişinlərlə də eyni məzmunda danışıq aparıblar.  

Qeyd edək ki, Quba şəhərində və rayonun yaşayış məntəqələrində 140 mobil qruplar fəaliyyət göstərir. Mobil qrup üzvləri də insanlar arasında təbliğat-təşviqat işlərini davam etdirirlər. Təbliğat işlərinin aparılmasına baxmayaraq son vaxtlar Qubaya turistlərin axını, kənardan gələn müəllimin məktəblərdə kollektivlə ünsiyyətdə olması  və sakinlərin arxayınçılğa qapılması son bir həftədə Quba rayonunda koronavirusa yoluxan insanların sayını artırıb. Bu səbəbdən Operativ Qərargah Quba şəhərinə, Zərdabi qəsəbəsinə və Rustov kəndinə giriş-çıxışın məhdudlaşdırılması barədə qərar verib. Sözügedən ərazilərdə polis postları qoyulub və Quba polisi giriş -çıxışa ciddi nəzarət edir.