Bakıda bu gün satışa çıxan 129 manatlıq evlər bir neçə dəqiqədə qurtardı

16 Oktyabr, 2019 16:00 | Sosial | Baxış sayı: 124
Bakıda güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksi - MAKET
Bakıda güzəştli mənzillərin tikildiyi Yasamal yaşayış kompleksi - MAKET

Bu gün satışa 560 mənzi çıxarılmışdı

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə bu gün saat 11:00-da başlanılıb. Mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb. 

MİDA-dan verilən məlumata görə, "Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 12 724 nəfərdir. Bugünkü satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3 807 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 570 mənzilin 550-si vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

Mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilib. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.