Bütün rayonu sevindirən abituriyent

16 May, 2018 18:36 | Sosial | Baxış sayı: 688
Jalə Rəcəbova
Jalə Rəcəbova

Zərifə Əliyevanın adına layiq qələbə

Xaçmaz rayonunun tarixində ilk dəfə olaraq Zərifə Əliyeva adına şəhər 8 saylı orta məktəbin bu ilki məzunu Jalə Rəcəbova ali məktəbə qəbulda maksimum nəticə əldə edərək 700 bal toplayıb. Jalə ikinci qrup üzrə qəbul imtahanında 700 bal toplayan 2 məzundan biridir.

İstiPress-in şimal bürosu onunla söhbətləşəndə Jalə Rəcəbovanın xüsusi, yenilikçi, qabaqcıl və intelektual səviyyəli bir gənc olduğu aydın oldu. Sadə bir ailədə böyüyən xaçmazlı məzun anası Qənimətin evdar qadın, atası Süleymanın isə təqaüddə olan dəmiryolçu olduğunu söylədi. Dedi ki, orta məktəbdə marağım əsasən riyaziyyata və humanitar fənlərə olub. Xaçmaz şəhərindəki hazırlıq mərkəzində 2 il yarım kurslarda olub, sınaq imtahanlarında iştirak edib. Jalə deyir ki, "ailəmizin maddi durumunu nəzərə alaraq kurslarda mən ödənişsiz məşğul olurdum, üstəlik də oxuduğum 8 saylı məktəbdə normal təhsil almağım üçün hər cür şərait vardı".

"Mən də bu yaradılan şəraitlərdən istifadə edib gecəmi gündüzə qatdım, hazırlaşdım və bəhrəsini də gördüm", - söyləyən məzun hələ seçimini tam etməsə də maliyyə, biznes sahəsinə üstünlük verəcəyini söyləyib. Onun sözlərinə görə, bu seçimi etməklə ölkə iqtisadiyyatının güclənməsində öz töhfəsini vermək fikrindədir.

Jalənin yenilikçi, fəal ictimaiyyətçi, intelektual, xüsusi dünya görüşlü gənc olmasını onun barəsində olan faktlar bir daha sübut edir. 2017-ci ilin dekabrından  Avropa Gənclər Parlamentinin üzvü olan Jalə Rəcəbova keçən il ABŞ-ın İndia Universitetində 1 aylıq "Liderlik" təcrübəsini öyrənən kursda olub, burada biznes, sahibkarlıq və liderlik sahəsi üzrə dünya bilgisini öyrənib. Jalə deyir ki, həmin bilgilərin sayəsində və İndia Universitetinin mini qrantı hesabına Azərbaycanda uşaq evləri ilə bağlı layihə üzərində işləyir: "Layihəm sırf xeyriyyə məqsədli olacaq, biznes, gəlir məqsədli yox. Avqust ayından hazırlamağa başlayacağam".

Xaçmazlı məzun riyaziyyata xüsusi marağı olmasına baxmayaraq humanitar fənləri də çox sevir. Öyrəndik ki, müsahibimiz Azərbaycan Dövlət Televiziyasının "Mən azərbaycanlıyam" intelektual yarışmasının qalibi olub, "Ədəbiyyat biliciləri" respublika müsabiqəsində 2-ci yer tutub.

Xaçmaz şəhərindəki akademik Zərifə Əliyeva adına məktəb litseyin direktoru Nurcahan Abasova İstiPress-ə söyləyib ki, məzunun yüksək nəticə göstərməsinə çox seviniblər. Jalə Rəcəbova 2007-ci ildən fəaliyyətə başlayan məktəbimizin ilk məzunlarından biridir. Onun yüksək nəticə göstərməsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Zərifə Əliyevanın 95 illik yubileyinə gözəl töhfədir.

Xaçmaz rayon təhsil şöbəsinin müdiri Mədinə Nurməmmədova da bu gün məktəbdə olub, Jalə Rəcəbovanı qazandığı uğur münasibətilə təbrik edib və digər məktəblilərə onun təhsil təcrübəsindən nümunə göstərməyi tövsiyyə edib.