Alpinistlərdən çox acı xəbər

16 May, 2018 19:16 | Sosial | Baxış sayı: 767
İtkin alpinistlər
İtkin alpinistlər

Alpinistlərin çadırının qar uçqununun altında qaldığı aydın olub

Ötən il dekabrında itkin düşmüş alpinistlərin meyiti tapıldı. 

İstiPress-in şimal bürosunun məlumatına görə, dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışların nəticələnməsinə qarın əriməsi imkan yaradıb. 

Hadisənin baş verdiyi əraziyə yaxın olan Quba rayonu Xınalıq kəndinin sakinlərinin dediyinə görə, qar sürətlə əriyir. Bunun nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.  FHN-dən verilən məlumata görə, hazırda axtarış-təmizləmə işləri davam etdirilir. 

Hadisə yerindən verilən ilkin məlumata görə, onlar itkin düşdükləri yerdə tapılıblar. Alpinistlərin çadırı qar uçqununun altında qaldığından onları tapmaq mümkün olmayıb.    

Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu itkin düşüblər.