İstanbuldan Bakıya gələn 4 avtobus yolda qaldı

16 Mart, 2020 09:36 | Sosial | Baxış sayı: 58
Avtobus
Avtobus

Aparılan danışıqlardan sonra avtobusların girişinə razılıq verilib

İstanbuldan Bakıya gələn avtobus çətinliyə düşdü. Bakı-İstanbul müntəzəm marşrut xətlərinə məxsus Azərbaycan Respublikası vətəndaşlarını daşıyan 4 avtobusun epidemiya ilə əlaqədar təxirəsalınmaz tədbirlər çərçivəsində Türkiyə-Gürcüstan sərhəd keçid məntəqəsində hərəkəti məhdudlaşdırılıb. Məlumat daxil olduqdan dərhal sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə Gürcüstanın Yerüstü Nəqliyyat Agentliyi arasında aparılan danışıqlar nəticəsində "STAR OK" daşıyıcı şirkətinə məxsus 34 BPY 784 dövlət nömrə nişanlı avtobus artıq Bakıya doğru yola düşüb.

"VARDAR", "ALPAR" və "METRO" daşıyıcı şirkətlərinə məxsus 99 JH 866, 34 BRT 107 və 34 EK 7002 dövlət nömrə nişanlı avtobusların ölkəmizə girişinə razılıq verilib. Ümumi prosedur qaydaları tamamlandıqdan sonra avtobuslar yola düşəcək.

Təhlükəsizlik tədbirləri çərçivəsində ümumi prosedur qaydalarından sonra sərnişinlərin dövlət sərhəddindən buraxılış məntəqələrinə keçidinə icazə veriləcək.