İki qardaşın yanaşı evi eyni gecədə yandı - VİDEO

16 Fevral, 2020 11:21 | Sosial | Baxış sayı: 168

Qardaşlardan biri bələdiyyə sədridir

Gecə saatlarında Qubanın rayon mərkəzindən 55 km aralıda yerləşən Yerfi kəndində iki qardaşın evi yanıb.

İstiPress-in şimal burosunun məlumatına görə, kənd sakinləri Əbülfət və Mübariz Həsənovların bir birilə yanaşı olan evləri qəfil alışıb.

Hadisə yerinə FHN-nin Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi gedib. Yollar buz bağladığından yanğınsöndürənlər hadisə yerinə çətinliklə çatıblar.

Quba FHK sədri, icra başçısının 1-ci müavini Allahverdi Xudaverdiyev, rayon prokuroru Elman Süleymanov, rayon polis şöbəsinin rəisi Süleyman Nemətov da hadisə yerində olublar.

Allahverdi Xudaverdiyevin məlumatına görə, hər iki ikimərtəbəli ev tam yanıb. Yanan evlərdən biri Yerfi kənd bələdiyyəsinin sədri Əbülfət Həsənova məxsusdur. Əbülfət Həsənov İstiPress-ə məlumat verib ki, yanğın zamanı özünün və qardaşı Mübarizin evi bütün əşyaları ilə birgə kül olub: "Uşaqların qızılı, nəyimiz var, yandı".

Yanğının elektrik qısa qapanmasından baş verdiyi bildirilir. Araşdırma başlanılıb. FHN-nə hadisə barədə məlumat verilib. Evsiz qalan ailələr müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib.

Qeyd edək ki,bu,son günlər Qubanın dağ kəndlərində ikinci yanğın hadisəsidir. Fevralın 7-də Qubanın rayon mərkəzindən 75 km aralıda yerləşən Qarxun kəndində 3 ev, bir neçə tövlə və ot tayası yanıb kül olmuşdu.