Bu gün Bilik günüdür, amma...

15 Sentyabr, 2019 09:50 | Sosial | Baxış sayı: 127
"Bilik günü"
"Bilik günü"

Yeni dərs ilinin ilk günü sabahdır

Bu gün Azərbaycanda Bilik Günüdür. Lakin 15 sentyabr - Bilik günü bazar gününə təsadüf edib. Bununla əlaqədar olaraq yeni dərs ilinə sentyabrın 16-dan start veriləcək. 

Yeni tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə orta məktəblərdə 1 525 016 şagird oxuyacaq. I sinifində 164 234 şagird təhsil alacaq.  Şagirdlərdən 714 259-u qız, 810 757-si isə oğlandır. IX sinfində 122 043, XI sinfində isə 82 782 şagird təhsil alacaq.  

Hazırda Azərbaycanda 322 ibtidai məktəb, 3 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 447 məktəb fəaliyyət göstərir.

Bu il Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılan 43 məktəb yeni dərs ilində binası şagirdlərin istifadəsinə verilib. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində isə 414 844 şagird təhsil alacaq. Onlardan 32 315-i IX sinifdə, 22 795-i X sinifdə, 18 896-sı XI sinifdə, 198-i isə XII sinifdə oxuyacaq. 

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur. Ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.