DİM-dən hazırlıq kursları ilə bağlı yenilik

15 Sentyabr, 2017 13:23 | Sosial | Baxış sayı: 157
İmtahan zamanı
İmtahan zamanı

Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında“Şəxsi kabinet”lərini yaratmalıdırlar

Yeni təhsil proqramı (kurikulum) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kursları yaradılır.

Bu barədə İstiPress-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilir ki, oktyabrın 18-dən yeni təhsil proqramları (kurikulumlar) əsasında Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya və coğrafiya fənlərindən buraxılış və qəbul imtahanlarında istifadəsi planlaşdırılan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Bakıda, eləcə də Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay və Şirvan Regional Bölmələrində hazırlıq kursları təşkil edir.

Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar də iştirak edə bilərlər. Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında“Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar.“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır. Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir və onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilər.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fakültələrinin axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar üçün hazırlıq kursları ödənişsizdir.