Azərbaycanda məktəblər açıldı

15 Sentyabr, 2017 08:25 | Sosial | Baxış sayı: 78
"Bilik günü"
"Bilik günü"

Bu il 164 945 şagird birinci sinfə gedəcək

Bu gün Azərbaycanda yeni dərs ili başalayır. İstiPress-in xəbərinə görə, 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan edilib.

Bu il ümumtəhsil məktəblərində 164 945 şagird birinci sinfə gedir. On birinci sinif şagirdlərinin sayı isə 87 min nəfərdir. Ümimiyyətlə bu il orta məktəblərin bütün siniflər üzrə 1 445 049 şagird var. 

Ölkə üzrə 4 min 457 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu müəssisələrdə təhsil alanların sayı 1 milyon 455 min 49 nəfər təşkil edir. Bütün məktəblərdə ilk dərs “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusundadır. Məqsəd Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar, torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir.

İlk zəngin sədaları 24 ildən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində eşidilib.

Bütün mənbələr hesabına bu il 71 məktəb inşa edilib. Həmin məktəblərdən 61-i modul tiplidir. İlin sonunadək 44 rayon əhatə olunmaqla, 100 azkomplektli və qəzalı vəziyyətdəki kənd məktəbinin modul tipli məktəblərlə əvəzlənməsi nəzərdə tutulur.

İl ərzində 12 məktəb binası əsaslı, 484 məktəb binası cari təmir edilib. 1 peşə, 1 uşaq-gənclər, 1 tədris-idman mərkəzi yeni tikilib. 3 ali təhsil müəssisəsinin kampusu və korpusu tikilib, əsaslı təmir olunub.

2017/2018-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil məktəbləri üçün ümumilikdə 241 adda 4563416 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. 

Bu gün yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirib. Sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürülüb. Hər hansı xoşagəlməz hadisənin baş verməməsi, “Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadların sayı artırılıb, zəruri olan bütün təhlükəsizlik tədbirlər görülüb.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahibələrinə, valideynlərə müraciət edərək sabah təhsil müəssisələri istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsini yolların hərəkət hissəsində saxlamamağı tövsiyə edib. Əks təqdirdə həmin sürücülər məsuliyyətə cəlb ediləcək.