Ramazanın vaxtı açıqlandı - Fətva verildi

15 May, 2018 11:31 | Sosial | Baxış sayı: 1197
Ramazan ayı
Ramazan ayı

Qədr gecələrinin də vaxtı bilindi

Qafqaz Müsəlmanlari İdarəsinin Qazılar Şurası Ramazan ayı münasibətilə fətva verib. Fətva Qazılar Şurasının bu gün keçirilən iclasında qəbul olunub.

"Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası əvvəli rəhmət, ortası məğfirət, sonu isə Cənnət müjdəsi olan mübarək Ramazan ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarını təbrik edir, ibadətlərimizin, dualarımızın Allah dərgahında qəbul olunmasını diləyir.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə may ayının 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaqdır. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir".

İnşallah, Eydül-Fitr – Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyunun 15-nə təsadüf edəcək. 

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son  günüdür.  Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər  bir  üzvü  üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi  məsləhət  görülür.

Ramazan ayında 4 Əhya gecəsi (qədr gecəsi) olacaq.  İlk qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə baş verəcək.

Bu da iyunun 3-də təsadüf edəcək. İkinci qədr gecəsi Ramazan ayının 20-dən 21-nə keçən gecə olacaq ki, bu da iyunun 5-də qeydə alınacaq.

Üçüncü qədr gecəsi iyunun 7-də (Ramazan ayının 22-dən 23-nə keçən gecə), sonuncu qədr gecəsi isə iyunun 11-də (Ramazan ayının 26-dan 23-nə keçən gecə) olacaq.