Fermerin 4 illik əziyyəti bir gecədə puç oldu

15 Aprel, 2019 18:56 | Sosial | Baxış sayı: 246
Qubada xarab edilmiş meyvə bağı
Qubada xarab edilmiş meyvə bağı

Şimalda meyvə bağına qarşı törədilən vandalizm

Qubada meyvəçiliklə məşğul olan fermerin şaftalı ağacları gecə saatlarında dağıdılıb.

İstiPress-in şimal bürosuna bu barədə rayonun Zərdabi qəsəbə sakini Səadət Mehbalıyeva danışıb.

Onun sözlərinə görə, aprelin 11-dən 12-ə keçən gecə naməlum şəxs və ya şəxslər 50 sotluq bağda 3 cərgədə əkilmiş 4 illik şaftalı qələmlərini qırıb dağıdıb, yararsız hala salıblar. Fermer xanım deyir ki, 4 il min bir əziyyət və xərclə yetişdirdiyi 211 şaftalı qələminin dağıdılması nəticəsində onlara 2000 manatdan çox ziyan dəyib.

Mehbalıyevlər ailəsi bununla bağlı - meyvə bağına qarşı törədilən vandalizm hadisəsini törədənlərin aşkar edilməsi üçün  Quba polis şöbəsi tərəfindən ciddi tədbirlərin görülməsini istəyir. Səadət Mehbalıyeva bildirib ki, DİN-nin 102 mərkəzinə müraciət edəndən sonra yerli polis şöbəsi araşdırmaya başlayıb.

Quba rayon polis şöbəsindən də faktın hazırda ciddi araşdırılacağı, bağa qənim kəsilənlərin müəyyən edilməsi istiqamətində tədbirlərə start verildiyi bildirilib.